Azərbaycanda Musa Nağıyev adını bilməyən az adam var. Bu şəxsin haqqında əfsanələr dolaşır. Onun varidatının kifayət qədər çox olması barədə mənbələrdə məlumatlara rast gəlmək olar. Azərbaycanda Nağıyev sağ ikən 413 milyon qızıl pul olduğu qeyd edilir. Lakin Sankt-Peterburqda buraxılan kataloqda 690 milyon qızıl pul göstərilib. Musa Nağıyev varidatını qoymaq üçün o vaxt Bakı quberniyasına müraciət edir. Amma quberniya bu pulu qəbul edə bilməzdi. Sonra Sankt-Peterburqa da müraciət edir. Onlar da qəbul etmədikdə məcbur olub xarici banklara müraciət edir. İsveçrə bankında təxminən 300 milyon, 50 milyondan da bir az çox London bankında hesab açdırır. Musanın pulunun miqdarını heç kim bilmirdi. 1919-cu ildə Ağa Musa Nağıyev vəfat edəndən sonra məhkəmə prosesi gedir. Mərhumun bütün əmlakı iki həyat yoldaşı arasında bölünüb. Bu sənədlər məhkəmənin arxivində saxlanılır. 200 min qızıl sikkələrdən ibarət rubl bölünüb. Amma bunlar görünən tərəf idi.
Musa Nağıyevin var dövlətinin çox olması keçmiş Rusiya imperiyasında oğrulara da bəlli idi. Lakin Nağıyevin qoruması qoçuları və yerli polsilərin onu mühafizə etməsinə görə ona yaxın durmaq olmurdu. Lakin Musa Nağıyevi oğurlayıb ondan pul alan bir dəstə olub. Bu dəstənin başında isə sonradan Stalin adı ilə tanınacaq gürcü oğrusu Koba dururdu. Bunun da tarixi barədə müxtəlif versiyalar var.
Əsl həqiqət necə olub.
Koba və onun 8 nəfərlik dəstəsi (sonradan onlar bolşevik hökumətində vəzifə tutdular, bir müddət sonra isə hər biri müəammalı şəkildə öldürüldü) Bakıda neft mədənlərində agitasiya işi aparırdılar. Bir neçə dəfə neft mədənlərində baş verən iğtişaşlardan sonra Bakı milyonçuları Kobanı fəhlələr arasında çaxnaşma yaratdığına və quldur dəstəsinə başçılıq etdiyinə görə öldütdürüb Bibiheybətdəki neft quyularından birinə atmaq istəyirdi. Hətta bunun üçün Bakı qoçularından Nəcəfqulu ilə razılşadırılmış idi. Plana görə Koba qız qalasının yanında çalışan çəkməçi gürcü dostunun yanına gələndə onu orda götürüb qalanın yanında quyuya atırlar və axşam üstü isə Bibiheybətdə neft quyusuna atıb öldürürdülər. Bu iş üçün qoçulara pul vermək lazım olanda Ağa Musa 10 min pul verəcəyəni boyun olur. Bu söhbəti o zaman Bakı şəhər rəisinin müavini polkovnik T. P. Şubinskinin də məlumatı olur. Kobaya bu barədə o məlumat göndərir ki, bəs Bakı milyonçuları belə bir plan qurublar, başında Nağıyev durur.
Koba bunu eşidir, 28 yaşlı gürcü oğrusu qisas almaq üçün plan hazırlayır. Ağa Musanı oğurlamaq qərarına gəlir. Bunun üçün dü indiki 28 may metrosunun yanında olan ərazidə Ağa Musanın faytonu keçəndə onun dəstəsi faytona daxil olub onun gözlərini və əllərini bağlayırlar. Şəhərin bir neçə küçəsindən sakit keçib gətirilər onu Kobanın qərargahı olan bir binaya. Onun zirzəmisində gizli görüşlər keçirilirdi və Nağıyevi burda saxlayırlar. Lakin bəzilərinin yazdığı kimi onun əllərini qollarını bağlamayıblar. İçəridə gürcü və rus qızları olublar. Almaniya istehsalı olan pianino olub, musiqi çalınan qramafon olub, yemək –içmək süfrəsi açılıb. Qızlar Ağa Musaya qulluq ediblər. Onunla yaxşı rəftar edirdilər, xanımlar onu əyləndirirdilər. Yeməyi də yaxşı və vaxtında verirdilər. Koba gecə yarısı gəlir və onunla səhərə qədər söhbət edir. Onu niyə öldürmək istədiyini soruşur. İlk saatlar müzakirə ağır keçir, lakin sonradan Ağanın şirin danışığı Kobanın zəhmini qırır. O Ağaya bolşevik partiyası, “Bakinski raboçi” qəzeti və “Nina” mətbəəsinin saxlanması üçün 1 milyon pul lazım olduğunu deyir. Ağa Musa isə bu qədər pulunun olmadığını və yalnız 10 min manat verə biləcəyini deyir. Koba ona deyir ki, əgər o istədiyi məbləği almasa təkcə Ağa Musa ölümlə canını xilas edə bilməyəcək, eyni zamanda bütün mədənləri yandırılacaq, mülkləri yandırılacaq. Koba ona onun hansı mədəninə necə gecə daxil olub od vura biləcəyinin xəritəsini göstərir. Musa Nağıyev buna baxmayaraq 100 min verəcəyini deyir. Mənbənin yazdığına görə bunu eşidən Koba qəzəblə ayağa durub otaqdan çıxaraq : Şen xarbixar, şentan puli ar qamova! (Xəsisin birisən, sənin canından pul çıxar?) deyir.
Növbəti gün işə Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev və digərləri də qarışır. Digər tərəfdən də Şəmsi Əsədullayev də xəbər göndərir ki, kim Ağa Musanı tapıb azad eləsə ona 100 min rubl mükafat verəcək. Bir sözlə Bakı qoçuları da bir tərəfdən onu axtarırlar. Hətta işə Məhəmməd Əmin Rəsulzadə də qarışır. Koba 500 minə endirir məbləği. Lakin Ağa Musa razılaşmır. Üç gün davam edən bu söhbət sonda O Kobaya 250000 (iki yüz əlli min) rubl verməyə razı olur. Lakin təklif edir ki, getsinlər Sankt-Peterburq şəhərinə, orda onun hesabından çıxardıb verəcək. Koba ona inanmadığını deyir. Ağa Musa deyir:
- Mən ölümdən qorxan adam deyilən. Oğlum İsmayılın vəfatından sonra dünyanın var-dövləti gözümdə deyil. Ancaq mənliyimi, bir də namusumu heç kimə qurban verməmişəm. Musa Nağıyev üçün bir kişilik, bir də kişi sözü hər şeydən ucadır!
Kobanın bu söz xoşuna gəlir və faytona qoyub Ağa Musanı Tağıyevin evinə yola salır. Ağa Musa evə gələndən sonra heç kimə heç nə demir və 10 gündən sonra Sankt-Peterburqa gedir, ordan da Moskvaya Şəmsi Əsədullayevin yanına. Şəmsi bəy bu hadisəni eşidəndə çox qəzəblənir və “mən özüm qoçuyam, kimsə mənə qoçuluq edə bilməz, dostlarıma toxuna bilməz” deyib yanında olanlara silahlanmağı əmr edir. Lakin Ağa Musa “Şəmsi mən kişi sözü vermişəm” deyib pulun dalınca gələn üç gürcüyə 250 min rubbuluq çeki verir.
Koba Ağa Musanın sözünü tutmasını yüksək qiymətləndirir və fotoda gördüyünüz pianinonu onun evinə hədiyyə kimi göndərir. Ağa Musa da ona xəbər göndərir ki, bu pul söhbəti aralarında qalsın, bu məsələ Dumaya çıxsa onun biznesinə xələl gətirə bilər. Koba da onun sözünə əməl edir və bir daha bu barədə məlumat heç bir yerdə deyilmir. Deyilənə görə Ağa Musa dəfn ediləndən sonra Koba onun məzarı üstünə gül də göndərir.
Zaur Aliyev, dosent