"Ukraynanın Türkmənistandakı səfiri Viktor Mayko “Atlas” Araşdırmalar Mərkəzinin suallarına cavab verib. Təcrübəli diplomat Ukrayna-Türkmənistan münasibətlərini ümumən müsbət qiymətləndirib: “Siyasi əlaqələrdə təmasların intensiv hal aldığını söyləmək çətindir. Misal üçün 2015-ci ildən bu yana iki ölkə rəsmiləri arasında qarşılıqlı səfərlər olmayıb. Buna baxmayaraq, iqtisadi əlaqələrdə inkişaf tempi qeydə alınıb, ticarət əlaqələri il boyu 25-30 faiz artım göstərib".
Newscenter.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, ancaq orası da var ki, müharibə iki ölkə arasında lojistik əlaqələrə mənfi təsir edib:
"Keçmiş illərdə Ukrayna-Türkmənistan ticarət əlaqələrinin həcmi təxminən 6 milyard dollar civarında idi. Bunun əsas hissəsi Türkmən qazının nəqli ilə bağlı idi. İndi bu rəqəm 270-300 milyon dollar səviyyəsinə enib. Hər halda rəqəmlər getdikcə artır. Bir neçə Ukrayna şirkəti Türkmənistanda uğurla fəaliyyət göstərir, körpülər və hava limanlarının tikintisində iştirak edirlər. Müharibədən əvvəl Ukraynada 18 minə yaxın Türkmənistan tələbəsi təhsil alırdı. Müharibəyə baxmayaraq, bu tələbələrin bir qismi Ukraynada təhsillərini davam etdirirlər”.
Politoloq deyib ki, Türkmənistanla ticarət yollarının uzandığını, köhnə yollar işləmədiyini, yeni yolların isə əlavə xərclər tələb etdiyini söyləyən səfir Ukraynanın Gürcüstanın və Azərbaycanın nəqliyyat imkanlarından istfadə etdiyini bildirdi:
“Ukrayna gələcəkdə Azərbaycan və Türkmənistandan keçən Avropa-Asiya nəqliyyat yolunun imkanlarından istifadə etmək istəyir. Avropa İttifaqının bu nəqliyyat yollarına on milyardlarla dollar yatırım qoyması planlaşdırılır. Sentyabr ayında Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya dördtərəfli saziş imzalayıblar. Bu saziş Qara dəniz – Xəzər dənizi nəqliyyat yolundan istifadəni nəzərdə tutur. Ukrayna bu yoldan da istifadə etməkdə maraqlıdır. Rusiyadan yan keçən nəqliyyat yollarının inkişafına ehtiyac var. Çinin özü alternativ marşrutların istifadəsində maraqlıdır”.
Səfir yeni marşrutlar barədə fikirlərini genişləndirərkən bunları da vurğuladı: “Ukrayna Gürcüstan, Türkiyə, Azərbaycan və Türkmənistanın nəqliyyat yollarından istifadə edərək Asiya bazarlarına çıxış imkanı əldə edir. Keçmiş illərdə İranın nəqliyyat imkanlarından da istifadə edirdik. Ancaq İranın Rusiyaya verdiyi hərbi dəstək bu marşrutu sual altında qoyub. Ukrayna Bolqarıstan və Rumıniya ilə limanlar arasında ticarət əlaqələrini gücləndirib. Müharibəyə və Rusiyanın Qara dənizdə Ukraynaya qarşı mühasirə yaratmasına baxmayaraq, bu imkanlardan da istifadə edirik. Odessa-Poti və Odessa-Batumi limanları arasında yük daşımalarının artırılmasını hədəfləyirik. Bu limanlardan məhsullarla dolu vaqonlar dəmiryolu xəttinə çıxarıla bilər. Bunun üzərində ciddi iş aparırıq. Bu Prezident Volodimir Zelenskinin “Qələbə formulu”nun bəndlərindən birinə də uyğundur. Həmin bənd Ukraynanın ərzaq təhlükəsizliyinin təmin edilməsiylə bağlıdır. Bu sahədə əməkdaşlıq Azərbaycanın və Türkmənistanın da maraqlarına uyğundur. Ukraynanın təşəbbüsü ilə 23 noyabrda taxıl sammiti keçiriləcək. Bu sammitdə qlobal ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunacaq, Azərbaycan, Türkiyə və Türkmənistanın sammitdə iştirakına ümidliyik”.
Anar Əliyev