
Yeni Azərbaycan Partiyası (YAP) ölkənin siyasi sabitliyinin və davamlı inkişafının təminatçısı olan aparıcı siyasi qüvvə olaraq demokratik prinsiplərə və hüquqi dövlət quruculuğuna sadiq qalır. YAP, həmçinin cəmiyyətin həmrəyliyini gücləndirərək sosial-iqtisadi inkişafı dəstəkləyir, dövlət siyasətinin prioritet istiqamətlərinə töhfə verir.
Yeni Azərbaycan Partiyasının yaranması ölkənin ən ağır və keşməkeşli dövrünə təsadüf etmişdir. Həmin dövrdə respublikada ictimai-siyasi böhran hökm sürmüş, həmçinin cəbhədə gərgin vəziyyət müşahidə olunmuşdur. Ölkənin taleyini düşünən ziyalılar bu böhrandan çıxış yolu olaraq yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etmişdilər.1992-ci il 16 oktyabr tarixində məşhur “91-lər”in Ümummilli Lider Heydər Əliyevə ünvanladığı müraciət xalqın ümumi arzu və istəklərini ifadə etmişdir. Müraciətdə Ümummilli Liderdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olunmuşdur. Ulu Öndər Heydər Əliyev bu müraciətə cavabında qeyd etmişdir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
21 noyabr 1992-ci il tarixində Naxçıvanda keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı. Konfransda YAP-ın Proqramı və Nizamnaməsi qəbul edildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Ölkənin siyasi arenasında aparıcı rol oynayan bu partiya qısa müddətdə strateji missiyanı uğurla yerinə yetirməklə, dövlətçilik ənənələrinin inkişafına mühüm töhfələr verdi. Konstruktiv mövqe nümayiş etdirən YAP uğurlu fəaliyyət konteksində cəmiyyətdə böyük nüfuz qazandı.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə anarxiya və xaosa son qoyuldu. Onun qətiyyətli addımları sayəsində Azərbaycanda siyasi sabitlik təmin edilmiş, demokratiyanın inkişafı və hüquqi dövlət prinsiplərinin tətbiqi istiqamətində önəmli addımlar atılmışdır. İqtisadi sahədə liberal islahatlar həyata keçirilmiş, xarici sərmayələr cəlb olunmuş və enerji sektorunda strateji layihə - “Əsrin müqaviləsi” neft sazişi imzalanmışdır. Həmçinin, Ulu Öndərin təşəbbüsü ilə regional infrastruktur layihələri icra edilmiş, təhsil və səhiyyə sahəsində modernləşmə işləri aparılmışdır. Onun rəhbərliyi dövründə dövlətin milli təhlükəsizliyi möhkəmləndirilmiş, Azərbaycan diplomatiyası güclənmiş və ölkənin beynəlxalq nüfuzu yüksəlmişdir. Bu uğurlar Azərbaycanın uzunmüddətli inkişafının möhkəm təməlini qoymuş və sonrakı illərdə dövlət siyasətinin uğurlu davamını təmin etmişdir.
26 mart 2005-ci il tarixində keçirilmiş YAP-ın III qurultayında partiyanın yeni Sədri Prezident İlham Əliyev seçilmişdir. Bu dövr partiyanın dövlət siyasətində strateji rolunun daha da möhkəmləndiyi bir mərhələ kimi tarixə yazılmışdır. Yeni Azərbaycan Partiyasının ölkədə demokratiyanın inkişafına, sosial-iqtisadi islahatların sürətləndirilməsinə və cəmiyyətin siyasi fəallığının artırılmasına yönəlmiş məqsədyönlü siyasəti yeni nailiyyətlərin qazanılmasına yol açmışdır. Partiyanın rəhbərliyi Vətənə sadiqlik, ümummilli maraqlara sədaqət və dövlətçilik prinsipləri əsasında uğurla fəaliyyət göstərmişdir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmış, uzun illər işğal altında qalmış torpaqlarımız azad edilmişdir. Həmin amillər yalnız hərbi baxımdan deyil, həm də siyasi, diplomatik və ideoloji sahədə böyük uğur kimi dəyərləndirilmiş, ölkənin beynəlxalq nüfuzunu artırmış və strateji mövqeyini gücləndirmişdir. Müstəqillik illərində yetişən gənclər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirmişlər. Onların vətənpərvərlik hissi, hərbi hazırlığı və milli həmrəyliyi şanlı Qələbənin əldə olunmasında mühüm rol oynamışdır.
2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında partiyanın yeni Nizamnaməsi, 40 nəfərlik İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərlik Veteranlar Şurası təsdiq olundu. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin edildi. VII qurultay partiya üzvlərinin cəmiyyətin və dövlətin müxtəlif sahələrində islahatların aparılmasında fəal iştirakını təmin etdi, milli həmrəyliyin güclənməsinə və siyasi dialoqun dərinləşməsinə xidmət etdi. YAP bu qurultaydan sonra həm milli, həm də beynəlxalq tendensiyaları nəzərə alaraq siyasətini daha adekvat şəkildə qurdu, dövlətin milli maraqları əsasında beynəlxalq əməkdaşlıq vektorunu müəyyən etdi.
2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatları ölkənin ərazi bütövlüyünün təmin olunmasında tarixi əhəmiyyət kəsb etdi. Bu tədbirlər nəticəsində separatizmin qarşısı alındı, dövlətin idarəçiliyi bütün ərazilərimizdə bərpa edildi və ölkənin təhlükəsizlik sistemi möhkəmləndirildi.
Zəfərdən sonra keçirilmiş prezident, parlament və bələdiyyə seçkiləri siyasi sistemin güclənməsini və demokratik legitimliyin təmin olunmasını təmin etdi. 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərində YAP-ın namizədi, cənab İlham Əliyev 92,12% səs toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclis seçkilərində YAP parlamentdə 68 millət vəkili ilə təmsil olunma hüququ qazandı. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində partiya qələbə əldə edərək yerli özünüidarəetmə sistemində üstünlük qazandı.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasi xətt Prezident İlham Əliyevin dövründə davamlı olaraq inkişaf etdirildi. Yeni Azərbaycan Partiyası həm dövlətin, həm də cəmiyyətin dayanıqlı inkişafının dayağı oldu. Yeni nailiyyətlər YAP-ın dövlətçiliyin qorunması və siyasi sabitliyin təmin olunması istiqamətində strateji rolunu nümayiş etdirir. Bu yol gələcəkdə də partiyanın və ölkəmizin inkişafında mühüm rol oynayacaqdır.
Mahir Süleymanlı
Milli Məclisin deputatı









































