1990-cı ilin yanvarı Azərbaycan tarixinin faciəli, eyni zamanda, taleyüklü səhifəsi oldu. “Qara Yanvar” və ya “Qanlı Yanvar” kimi tanınan hadisələr azərbaycanlıların milli şüurunda dərin iz buraxmışdır. Bu tarix azadlıq, müstəqillik və milli ləyaqətin dirçəlişi uğrunda mübarizənin simvoludur. Qanlı Yanvar qırğınına aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. 20 Yanvar 1990-cı il tarixində baş vermiş qanlı qırğın, Sovet İttifaqı rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ən böyük cinayətlərdən biridir. Bu hadisə, Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə həyata keçirilib.
20 Yanvar hadisələrindən əvvəl, Azərbaycan xalqı Sovet hakimiyyətinə qarşı artan narazılıqlarını ifadə etməyə başlamışdı. Xüsusilə, 1989-cu ilin dekabrında Azərbaycan SSR-in müstəqillik uğrunda bəyanatlar verməsi və xalqın böyük mitinqlərdə iştirak etməsi Sovet rəhbərliyinin gözünə batdı. 20 Yanvar günü Sovet ordusu Bakıya daxil olaraq, silah gücü ilə etirazçıları və mülki əhalini dağıtmağa başladı. Tanklar, zirehli maşınlar və digər ağır texnika istifadə edilərək, şəhər üzərində əsl bir terror yaratdı. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.
Qanlı yanvar hadisələrindən sonra Bakıda fövqəladə vəziyyətin tətbiqi ilə sovet qoşunları əsas insan hüquqlarını pozaraq xüsusi qəddarlıqla hərəkət etdilər. 1949-cu il Cenevrə Konvensiyalarına və Beynəlxalq Hərbi Tribunalın qaydalarına görə, onların hərəkətləri hərbi cinayətlər anlayışına aiddir. Mülki əhali atəşə, mülki avtomobillərə tank hücumlarının və xəstəxanalara hücumların qurbanı oldu. Haaqa Konvensiyası ilə qadağan edilmiş sovet qoşunlarının ofset güllələrindən istifadə etməsi insanların iztirablarını maksimum dərəcədə artırmağa yönəlmiş qəddarlığın əlavə təzahürü idi.
Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin ertəsi günü – yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.
Ulu Öndərin bu çıxışı onun siyasi mövqeyinin və xalqla birliyinin simvolu oldu. Heydər Əliyev, Sovet rəhbərliyinin qanlı repressiyalarını kəskin şəkildə tənqid edərək, Azərbaycanın müstəqillik və azadlıq mübarizəsini müdafiə etdi. Bu çıxış, Azərbaycan xalqının qəlbində ümid çırağı yandırdı, çünki Heydər Əliyev həmin dövrdə Sovet İttifaqının mərkəzi hakimiyyətinə qarşı açıq etiraz edərək, xalqın səsini dünyaya çatdırdı. Onun bu hərəkəti, daha sonra Azərbaycanın müstəqillik yolunda böyük bir dönüş nöqtəsinə çevrildi. Bu tarixi an, Heydər Əliyevin xalqının yanında olduğunu və gələcəkdə bu mübarizəni daha da irəlilətməyə çalışacağını göstərdi.
Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi, məhz Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində həllini tapdı.
Heydər Əliyev, Sovet İttifaqının dağıldığı və Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə, 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu faciənin siyasi-hüquqi qiymətinin verilməsi məsələsini gündəmə gətirdi. 20 Yanvar hadisələri, Sovet rejiminin törətdiyi böyük cinayət olmasına baxmayaraq, həmin dövrdə Azərbaycanda rəsmi olaraq kifayət qədər yüksək qiymət almamışdı. Lakin Heydər Əliyev, 1994-cü ildə bu faciəyə verilən qiymət məsələsini ciddi şəkildə araşdırdı və 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqillik mübarizəsinin bir parçası olduğunu vurğuladı.
1994-cü ildə, Heydər Əliyev 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycanın Milli Məclisinə müraciət etdi və həmin faciəyə siyasi-hüquqi qiymət verilməsi haqqında qanun qəbul edilməsi zərurətini irəli sürdü. Bu, həm də xalqın müstəqillik uğrunda göstərdiyi cəsarətin və fədakarlığın tanınması idi.
Heydər Əliyev, həmçinin 20 Yanvar şəhidlərinin ailələrinə və yaxınlarına dəstək olmaq məqsədilə müvafiq sosial yardımların göstərilməsini təmin etdi. O, 20 Yanvar şəhidlərini Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin qəhrəmanları kimi tanıdı və onların xatirəsini əbədi olaraq ucaltdı. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib. Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün 2023-cü ildən 600 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, habelə həmin vaxtdan əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb.
Artıq 35 ildir ki, dünya azərbaycanlıları 20 Yanvar Ümumxalq Hüzn Gününü qeyd edirlər. 1990-cı ilin Bakıda baş vermiş qanlı Yanvar hadisələri təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə, humanizmə, şəxsiyyət azadlığına qarşı cinayətdir. 20 Yanvar qırğını, Azərbaycanın azadlıq və müstəqillik uğrunda verdiyi mübarizənin qırılmaz simvolu oldu və hər il bu hadisə Azərbaycan xalqı tərəfindən hörmət və ehtiramla yad edilir.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent