
Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin gücləndirilməsi xüsusi yer tutur. Bu ölkələrlə əlaqələrin daha da genişləndirilməsi, hətta müttəfiqlik səviyyəsinə çatdırılması ölkəmizin ən mühüm xarici siyasət hədəflərindən sayılır. Bu gün Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstanla yaxın qardaşlıq münasibətlərinin gücləndirilməsi, iqtisadi-siyasi əlaqələrin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində və ikitərəfli səviyyədə tərəfdaşlığın gücləndirilməsi həm bölgənin, həm də ölkəmizin inkişafına xüsusi dividendlər qazandırır. Azərbaycana dost Türkmənistan ilə də əlaqələrinin güclənməsinə hər zaman maraq göstərib. Bu mənada, qarşılıqlı səfərlər, atılan addımlar və imzalanan sənədlər əlaqələrin yeni mərhələyə qədəm qoymasını şərtləndirib.
Newscenter.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
Deputat bildirib ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri bu əlaqələrin daha da yüksəlməsinə təkan verəcək. Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla görüşdə bildirdiyi kimi, bu səfər Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da güclənib. “Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq”,- deyə dövlətimizin başçısı vurğulayıb. Qurbanqulu Berdiməhəmmədov isə deyib ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir.
Deputatın sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanır. Hər iki dövlət həm regional, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyərək ortaq maraqlar naminə birgə fəaliyyət göstərirlər.
Bundan əlavə, Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq bu ölkələri birləşdirən əsas sahələrdən biridir. 2021-ci il yanvarın 21-də Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsi ilə bağlı razılıq əldə olunub. O zaman dövlət başçıları arasında videokonfrans formatında görüş keçirildi. Görüşdə Azərbaycanla Türkmənistan arasındakı siyasi dialoqun bugünkü yüksək səviyyəsindən, hər iki ölkənin beynəlxalq səviyyədə bir-birinə qarşılıqlı dəstək göstərməsindən məmnunluq ifadə olundu. Bildirildi ki, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq hər iki dövlət öz imkanlarını təqdim edərək birgə səylərlə regional əməkdaşlığın möhkəmlənməsinə, Avrasiyanın nəqliyyat və enerji xəritəsinin yenidən formalaşmasına sanballı töhfələr verir. Bu razılaşma enerji sahəsində yeni imkanların açılmasına təkan verib.
“Ümumiyyətlə, Azərbaycanla Türkmənistanı yaxınlaşdıran yalnız geosiyasi maraqlar, bugünkü reallıqlar və ortaq coğrafiya deyil. İki ölkəni bir-birinə yaxın edən amillər tarixin dərin qatlarına bağlıdır. Həm Azərbaycan xalqı, həm də türkmən xalqı ortaq tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri bölüşürlər. Təsadüfi deyil ki, Türkmənistanla Azərbaycanın münasibətlərinə iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq xüsusi bir rəng qatır. Bundan əlavə, Qurbanqulu Berdiməhəmmədovun işğaldan azad edilmiş Qarabağa səfəri də dostluq və qardaşlıq nümunəsidir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-Türkmənistan əlaqələri yüksələn xətlə inkişaf edir”,- deyə Samir Vəliyev vurğulayıb.