
İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar fonunda Naxçıvanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə əhəmiyyəti hiss olunacaq dərəcədə artmış oldu. Əgər müharibə dövründə Naxçıvan yalnız regional prizmada blokada vəziyyətində yaşayan bir məkan kimi tanınırdısa, müharibədən sonra Naxçıvan nəinki regional, hətta beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağı funksiyasını yerinə yetirəcək bölgə funksiyasını yerinə yetirməyə başlayıb.
Naxçıvanı regional və beynəlxalq aspektdə cəlbedici edən əsas amillərdən biri də 44 günlük müharibədən sonra Zəngəzur dəhlizinin açılması reallığının yaranmasıdır. Bildiyimiz kimi, keçən ilin avqustunda Vaşinqtonda ABŞ-Azərbaycan-Ermənistan üçtərəfli formatda imzalanan Bəyannamədə də Zəngəzur (TRİPP) marşrutunun açılması ilə bağlı xüsusi bənd əksini tapıb. Artıq xeyli müddətdir ki, sözügedən marşrutun açılması istiqamətində işlər həyata keçirilir. Bu mənada Zəngəzur dəhlizindən bəhs edərkən burada Naxçıvanın nəqliyyat qovşağı potensialı xüsusi diqqət çəkir. Məhz bu dəhliz vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması Azərbaycanın ərazi bütövlüyü və regional kommunikasiya sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Zəngəzur dəhlizi ilə yalnız ayrılmaz hissəsi olan Azərbaycanla quru sərhədini bərpa etmiş olmur, eyni zamanda bu layihə ilə Türk dünyasının inteqrasiyasına da töhfəsini vermis olur. Bu bir gerçəklikdir ki, inteqrasiya yalnız siyasi və mədəni yaxınlıqla məhdudlaşmır. Davamlı və güclü inteqrasiya üçün iqtisadi əlaqələrin, ticarətin, nəqliyyatın, enerji əməkdaşlığının və qarşılıqlı investisiyaların genişləndirilməsi vacibdir. Bu mənada Naxçıvan Türk dünyasının inteqrasiyasının mühüm həlqələrindən biri kimi xarakterizə edilə bilər. Onu da xüsusi vurğulamaq lazımdır ki, Naxçıvan nəqliyyat və logistika mərkəzinə çevrilməklə yanaşı, həm də Azərbaycan-Türkiyə xəttində xüsusi strateji mövqeyə malikdir.
Türkiyə ilə Mərkəzi Asiyanın türk dövlətləri — Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan arasında ticarət əlaqələrinin inkişafında Azərbaycan ərazisindən keçən marşrutların əhəmiyyəti getdikcə artır. Xüsusilə Xəzər dənizi üzərindən keçən Orta Dəhlizin inkişafı bu baxımdan mühüm perspektivlər yaradır. Naxçıvanın bu ümumi nəqliyyat sisteminə inteqrasiyası Türk dövlətləri arasında yükdaşımaların şaxələndirilməsinə və nəqliyyat marşrutlarının daha sıx əlaqələndirilməsinə kömək edə bilər.
Beləliklə, Naxçıvanın inkişafı regional səviyyədə qalmayaraq Türk dünyasının iqtisadi məkanının genişlənməsinə təsir göstərə bilər.
Tarixə qısa nəzər yetirdikdə aydın şəkildə görürük ki, Türk dünyasının birliyi istiqamətində atılan ilk addımlar da məhz Naxçıvandan başlanılıb. 2009-cu ildə Türk dövlətlərinin başçılarının ilk zirvə görüşünə evsahibliyi edən Naxçıvan Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının təsis olunduğu məkan kimi tarixə düşdü. Həmin tarixi görüş Naxçıvanın strateji baxımdan Türk dünyası üçün nə dərəcədə önəmli olduğunu göstərirdi. Aradan keçən 20 ilə yaxın müddət ərzində Türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlar, əldə edilən nəticə bu günkü birlik və bərabərliyin təməlinin məhz Naxçıvanda qoyulduğunu təsdiqləyir.
Məlumdur ki, Naxçıvan zəngin tarixi-mədəni irsə, təbii sərvətlərə və turizm potensialına malikdir. Bu mənada Naxçıvanın nəqliyyat imkanlarının genişlənməsi ona olan turizm marağının artmasına da müsbət təsir göstərər. Nəticə etibarilə, Türkiyədən, Azərbaycanın digər bölgələrindən və Türk dünyasının müxtəlif ölkələrindən Naxçıvana turist axınının artmasına şahidlik edərik.
Bütün bu sadaladığımız amillər və Naxçıvanın yaxın gələcəkdə nəqliyyat qovşağına çevrilməsi, onun social iqtisadi inkişafının sürətləndirilməsinin ana xəttində heç şübhəsiz ki, dövlətin Naxçıvana göstərdiyi diqqət və qayğı dayanır. Bu günlərdə Prezidenti İlham Əliyevin Naxçıvana səfəri və burada bir sıra infrastuktur obyektlərinin açılışında iştirakı, ən əsası dövlət başçısının sərəncamı ilə Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılması dövlətin və dövlət başçısının Naxçıvana olan diqqət və qayğısının əyani sübutudur. Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən bu siyasətin günümüzdə Cənab İlham Əliyevin sayəsində yeni reallıqlar və tələblərə uyğun davam etdirilməsi onu deməyə əsas verir ki, Naxçıvanın yeni inkişaf dövrü başlayır.
İlham İsmayılov,
ATXƏM sədri











































