
Azərbaycanla Xorvatiya arasında ikitərəfli münasibətlərin inkişafı hər iki ölkənin marağındadır. Prezident İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq və Dostluq Münasibətləri haqqında Zaqreb Bəyannaməsi münasibətlərin yeni mərhələyə keçməsinə təkan oldu. Hazırda iki ölkə intensiv siyasi dialoq və mükəmməl iqtisadi əlaqələrə sahib strateji tərəfdaşlardır. 30 il əvvəl diplomatik münasibətlər quran ölkələrimiz əlaqələrin yeni müstəviyə qalxması istiqamətində praktik addımlar atır. Bu ölkənin parlament sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyətinin bu həftə Azərbaycana səfəri də bu baxımdan əhəmiyyət kəsb edir.
Xüsusi qeyd etməliyik ki, Xorvatiya hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Təsadüfi deyil ki, cənab Prezidentlə görüş zamanı da xorvatiyalı qonaqlar Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində əldə edilmiş nəticələri də növbəti uğur kimi qiymətləndirdilər. Xorvatiya həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına daim dəstək nümayiş etdirib. Azərbaycanın haqq işini dəstəkləyən rəsmi Zaqreb yeni reallıqları alqışlayır və hər zaman regionda sülhün, firavanlığın bərqərar olunmasına tərəfdar olduğunu bəyan edir.
Yada salmaq yerinə düşər ki, Xorvatiya nümayəndə heyəti bir neçə il əvvəl eyni zamanda işğaldan azad edilmiş ərazilərə də səfər ediblər. Burada erməni vandalizminin izləri, eyni zamanda aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. Xorvatiya şirkətlərinin Azərbaycanda elektrik enerjisi təchizatı layihələrinə və turizmə sərmayə yatırmaq üçün potensialı da nəzərdən keçirilir.
Yeri gəlmişkən, Parlament diplomatiyası da ikitərəfli əlaqələrin inkişafına xüsusi töhfə verir. Azərbaycan və Xorvatiya həm ikitərəfli müstəvidə, həm də bir sıra beynəlxalq parlament təşkilatlarının işində bir-birini dəstəkləyir. Parlamentlər arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə Bakıda səmərəli müzakirələr aparıldı. Q.Yandrokoviç Milli Məclisin sədri Sahibə xanım Qafarova ilə görüşdə də məhz mövcud imkanlardan istifadə etmək niyyətini bir daha diqqətə çatdırıb.
Rəsmi Zaqreb həm də Azərbaycanın müstəsna iqtisadi nailiyyətlərini, eləcə də onun təkcə Cənubi Qafqazda deyil, həm də regiondan kənarda oynadığı əhəmiyyətli rolunu təqdir edir.
Könül Nurullayeva, Milli Məclisin deputatı