
Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən Ukraynanın paytaxtı Kiyev şəhərinin mülki və strateji infrastrukturuna yönəlmiş növbəti kütləvi raket-aviasiya zərbələri fonunda Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin inzibati binasına növbəti dəfə ciddi maddi ziyanın dəyməsi faktı münaqişənin gedişatında beynəlxalq hüququn imperativ normalarının implementasiyası məsələsini yenidən gündəmə gətirir. Hücum dalğasının diplomatik korpusun bilavasitə yaxınlığındakı "Lukyanovka" metro stansiyası ərazisini hədəf alması və bunun nəticəsində yaranan kinetik təsirin səfirliyin infrastrukturunda destruktiv fəsadlar törətməsi hadisəni sadə bir hərbi insident çərçivəsindən çıxararaq beynəlxalq hüquqi məsuliyyət və strateji tərəfdaşlıq öhdəliklərinin pozulması müstəvisinə daşıyır. Müharibə dövründə analoji halların sistemli şəkildə təkrarlanması Rusiya tərəfinin beynəlxalq humanitar hüquq çərçivəsində götürdüyü öhdəliklərə etinasız yanaşmasının və tətbiq edilən hərbi taktikanın qeyri-seçici xarakterinin bariz göstəricisi olmaqla yanaşı, diplomatik immunitet rejiminin universal prinsiplərinə də aşkar ziddiyyət təşkil edir.
Beynəlxalq hüququn universal mənbəyi hesab edilən 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının 22-ci maddəsi diplomatik nümayəndəliklərin binalarının mütləq və şərtləndirilməmiş toxunulmazlığını təsbit edir ki, bu da münaqişə tərəflərinə hərbi əməliyyatların planlaşdırılması və icrası zamanı həmin coğrafi koordinatların təhlükəsizliyini qarantiyaya almaq barədə birbaşa hüquqi vəzifə yükləyir. Zərbə radiusunun diplomatik missiyadan cəmi 200-250 metr məsafədə lokallaşdırılması hücum edən tərəfin mülki obyektlər və beynəlxalq mühafizə statusuna malik institutlar üçün yaranacaq riskləri minimuma endirmək öhdəliyini, yəni proporsionallıq və fərqləndirmə prinsiplərini kobud şəkildə pozduğunu hüquqi cəhətdən sübuta yetirir. Eyni zamanda hərbi zərurət bəhanəsi ilə diplomatik immunitetə malik binaların struktur bütövlüyünün və personalın fiziki təhlükəsizliyinin təhlükə altına atılması beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə Konvensiyalarının mülki əhalinin və mühafizə olunan subyektlərin qorunmasına dair fundamental prinsiplərinin birbaşa deqradasiyası kimi tövsif olunmaqla yanaşı, ikitərəfli dövlətlərarası münasibətlər kontekstində, xüsusilə 22 fevral 2022-ci il tarixli "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" çərçivəsində tərəflərin üzərinə götürdüyü strateji öhdəliklərlə kəskin siyasi təzad təşkil edir. Sözügedən sənədin qarşılıqlı suverenliyə, milli təhlükəsizliyə və ərazi bütövlüyünə hörmət prinsiplərini ehtiva edən maddələri əsasında fəaliyyət göstərilməsi tələb olunduğu halda, hüquqi baxımdan Azərbaycan dövlətinin suveren ərazisinin bir parçası hesab olunan səfirlik binasının hərbi zərbələr nəticəsində zədələnməsi bu sənədin həm ruhuna, həm də hərfinə zidd bir presedent yaradır. Strateji tərəfdaşlıq formatı tərəflərin üçüncü dövlətlərin ərazisində belə bir-birinin rəsmi diplomatik varlığına və maraqlarına birbaşa və ya dolayısı ilə xələl gətirə biləcək hərbi-siyasi manipulyasiyalardan çəkinməsini imperativ şərt kimi irəli sürür ki, mövcud vəziyyət Rusiyanın bu öhdəliklərə yanaşmasını siyasi laqeydlik adlandırmaq üçün əsas verir.
Mövcud hüquqi-siyasi reallıqlar çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi diplomatik presedentlərə və beynəlxalq hüququn müddəalarına əsaslanaraq, təbii ki, Rusiya Federasiyasına rəsmi etiraz notası ünvanlamaqla hüquqi cavab mexanizmlərini işə salmaq legitimliyinə malikdir. Bu diplomatik demarş çərçivəsində, dəymiş maddi ziyanın beynəlxalq delikt məsuliyyəti qaydalarına uyğun olaraq Rusiya tərəfindən kompensasiya edilməsi və gələcəkdə analoji risklərin neytrallaşdırılması üçün qəti, hüquqi cəhətdən əsaslandırılmış təhlükəsizlik təminatlarının verilməsi rəsmi Bakının tələbi kimi formalaşdırılmasını zərurətə çevirir. Çünki hadisənin təkrarlanma dinamikası məsələnin təkcə regional münaqişənin yan təsiri yox, həm də birbaşa Azərbaycanın xaricdəki diplomatik təhlükəsizlik maraqlarının pozulması aktıdır.
Bəhruz Məhərrəmov,
Milli Məclisin deputatı












































