
"Rusiya Azərbaycan üçün sadəcə xəritədə qonşu deyil. Ölkələrimiz arasında milyonlarla insanın həyatına təsir edən tarixi, iqtisadi, humanitar əlaqələr mövcuddur. Buna görə hesab edirəm ki, iki dövlət arasında olan istənilən narazılıq təhdid, təhqir, qarşıdurma dili ilə deyil, diplomatiya və konstruktiv siyasi dialoq yolu ilə həll edilməlidir".
Newscenter.az xəbər verir ki, bunları "AzTurk Holding" şirkətinin prezidenti Güləli Bağırov son günlər Rusiya informasiya məkanında Azərbaycanla bağlı səsləndirilən təhdid və təxribat xarakterli yazıları şərh edərkən deyib. O bildirib ki, Azərbaycana qarşı təhdidlər heç bir problemi həll etmir:
"Əksinə, bu cür bəyanatlar xalqlarımız arasında illər boyu yaranan münasibətlərə xələl gətirir və dövlətlər arasında inamı zəiflədir. Hər hansı bir məsələdə narazılıq varsa — danışıqlar masası var. Ancaq təhdid dili nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı tərəfindən qəbul edilə bilməyən bir üslubdur".
Güləli Bağırov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında və dövlətimizin milli maraqlarına əsaslanan Azərbaycan Respublikasının müstəqil siyasətini dəstəkləyir. Çünki bu mövqe heç bir dövlətə qarşı düşmənçilik demək deyil. Əksinə, dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmət, suverenlik və bərabərlik prinsipləri üzərində qurulmasının tərəfdarıdır:
"Azərbaycan dəfələrlə siyasi iradəsini, dövlət gücünü və milli maraqları qorumaq əzmini nümayiş etdirib. Bu gün Azərbaycan müstəqil bir dövlətdir və digər dövlətlərin təzyiqi altında deyil, öz milli maraqlarına əsaslanaraq qərarlar qəbul edir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mürəkkəb məsələlərin həllində milli maraqlara diqqət yetirib. Hesab edirəm ki, bu siyasətin ən vacib xüsusiyyətlərindən biri onun emosiyalara deyil, strateji düşüncəyə, milli maraqlara və Azərbaycanın uzunmüddətli gələcəyinə əsaslanmasıdır".
Güləli Bağırov daha sonra bunları qeyd edib:
"Bir Azərbaycan vətəndaşı olaraq, mən Prezident İlham Əliyevin dövlətimizin təhlükəsizliyini, müstəqilliyini və milli maraqlarını qorumağa yönəlmiş siyasətini dəstəkləyirəm. Rusiyaya isə mesajım məhz budur: Azərbaycan sizin düşməniniz deyil.
Azərbaycan heç kimin düşməni olmaq istəmir. Azərbaycanla münasibətlər qurmaq istəyən hər bir dövlət bir sadə həqiqəti qəbul etməlidir. Azərbaycan müstəqil dövlətdir. Onun öz Prezidenti, öz dövlət siyasəti və maraqları var. Ən əsası, onun öz iradəsi var. Bu iradəyə hörmət Azərbaycanla münasibətlərin pisləşməsinə səbəb olmayacaq. Əksinə, məhz bu hörmət daha sağlam, daha sabit və uzunmüddətli münasibətlərin təməli ola bilər. Azərbaycan heç kimin təzyiq altında idarə edə biləcəyi bir ölkə deyil".
Süleyman












































