
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə mühüm siyasi, iqtisadi, eləcə də regional və qlobal məsələlərin təhlili baxımından əhəmiyyətli idi. Müsahibənin ən mühüm geoiqtisadi istiqamətlərindən biri nəqliyyat və logistika məsələsidir.
Bildiyimiz kimi Azərbaycan Cənubi Qafqazda Şərqlə Qərb arasında əsas tranzit mərkəzlərindən, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm iqtisadi və nəqliyyat qovşaqlarından biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu üstünlüklər iki ölkəni ümumi maraqlar çərçivəsində birləşdirərək təbii tərəfdaşa çevirir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq istiqamətində Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası xüsusi əhəmiyyət daşıyır. Prezidentin fikrincə, belə bir inteqrasiya bütün region üçün yeni iqtisadi və tranzit imkanları yarada bilər. Burada söhbət Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Cənubi Qafqaz və daha sonra Avropa arasında vahid və şaxələndirilmiş bağlantıların gücləndirilməsindən gedir.
Bu baxımdan dövlət başçısının müsahibəsindən gəlinən qənaət ondan ibarətdir ki, Azərbaycan–Özbəkistan əməkdaşlığı regional nəqliyyat xəritəsinin formalaşmasında mühüm rol oynaya bilər.
Prezident İlham Əliyevin müsahibəsində ən mühüm siyasi tezislərdən biri Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəlməsidir.
Dövlət başçısı sözügedən müsahibədə haqlı olaraq iki ölkə arasında münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, xalqlar arasında qarşılıqlı rəğbət və həmrəyliyin dayandığını vurğulayır. Cənab Prezident bildirir ki, son illərdə bu möhkəm təməl üzərində qurulan dövlətlərarası əlaqələr görünməmiş inkişaf mərhələsinə daxil olub və yeni məzmun qazanıb.
Müsahibədə diqqət çəkən məqamlardan biri iki ölkə arasında münasibətlərin şəxsi liderlər səviyyəsində də inkişaf etdiyini vurğulaması oldu. Bu mənada Prezident İlham Əliyev müsahibədə özbək hıəmkarı Şavkat Mirziyoyevin iki ölkə arasında qardaşlıq, birlik və müttəfiqliyin möhkəmləndirilməsində xüsusi rolunu qeyd edir. Son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin həyata keçirilməsi həm ölkələr, həm də liderlər arasında münasibətlərin, həmçinin Bakı ilə Daşkənd arasında siyasi dialoqun intensivliyini göstərən mühüm göstəricidir.
Azərbaycan və Özbəkistan arasında münasibətlər Türk Dövlətləri Təşkilatı (TDT) səviyyəsində də yüksələn xətlə inkişaf edir. Cənab Prezident haqlı olaraq qeyd edir ki, Azərbaycan və Özbəkistan TDT-yə yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, ortaq tarix, mədəniyyət və mənəvi dəyərləri birlikdə gələcəyə daşıyan təşkilat kimi baxır.
Burada siyasi mesaj kifayət qədər aydındır. Bakı və Daşkənd türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır.
Müsahibənin mühüm məqamlarından biri Azərbaycanın Mərkəzi Asiyaya verdiyi mesajdır. Müsahibədə dövlət başçısı regionun strateji əhəmiyyətini açıq şəkildə vurğulayır. Bu baxımdan Azərbaycanın son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin intensivləşməsi təsadüfi deyil.
Arzuman Muradlı, iqtisad elmləri doktoru












































