
Hepatit B peyvəndi hepatit B virusuna qarşı ən effektiv qorunma üsullarından biridir. Lakin peyvənd vurulan hər insanda eyni səviyyədə immun cavab formalaşmır. Məhz buna görə beynəlxalq tibbi protokollarda təkcə peyvəndləmə deyil, onun effektivliyinin — yəni qoruyucu immunitetin yaranıb-yaranmamasının — seroloji olaraq qiymətləndirilməsi xüsusi vurğulanır.
Bu məqsədlə qanda Anti-HBs göstəricisi ölçülür. Anti-HBs səviyyəsi formalaşmış immunitetin gücünü əks etdirir. Anti-HBs ≥10 mIU/mL qoruyucu immun cavab kimi qəbul olunur. 10–100 mIU/mL aralığı qorunma versə də, xüsusilə risk qruplarında bu səviyyə zəif və ya suboptimal immun cavab kimi qiymətləndirilir. Anti-HBs <10 mIU/mL isə qoruyucu immunitetin olmadığını göstərir.
Tibb praktikasında “functionally unvaccinated” termini peyvənd olunmasına baxmayaraq faktiki olaraq qorunmayan şəxslərə aid edilir. Bu vəziyyət peyvəndin düzgün saxlanılmaması və ya donması, vaksinasiya qrafikinin pozulması, yaxud peyvənddən sonra Anti-HBs səviyyəsinin 10 mIU/mL-dən aşağı qalması ilə əlaqəli ola bilər. Bu şəxslər beynəlxalq tövsiyələrə əsasən sıfırdan peyvəndləmə yanaşması ilə qiymətləndirilməlidir.
“Weak responder” adlandırılan şəxslərdə peyvənddən sonra Anti-HBs səviyyəsi 10–100 mIU/mL arasında olur. Bu, immun cavabın mövcud olduğunu, lakin optimal səviyyədə formalaşmadığını göstərir. Xüsusilə səhiyyə işçiləri, ailədaxili HBV riski olanlar, invaziv prosedurlara məruz qalan şəxslər və xroniki xəstəliyi olan insanlarda bu səviyyə kifayət hesab edilmir. Bu hallarda əlavə doza və ya yüksək dozalı (double-dose) peyvənd strategiyası tövsiyə olunur.
“True non-responder” anlayışı iki tam peyvənd seriyasına (ümumilikdə 6 doza) baxmayaraq Anti-HBs səviyyəsi 10 mIU/mL-dən aşağı qalan şəxslərə aiddir. Bu şəxslərdə peyvəndə immun cavab formalaşmır və hepatit B virusu ilə təmas zamanı qorunma yalnız spesifik immunoqlobulin (HBIG) vasitəsilə mümkündür.
Amerika Xəstəliklərə Nəzarət Mərkəzinin (ACIP) tövsiyələrinə əsasən Anti-HBs <10 mIU/mL olduqda revaksinasiya aparılmalıdır. Alternativ olaraq Heplisav-B peyvəndi 0 və 1-ci aylarda tətbiq edildikdə daha sürətli və güclü immun cavab formalaşdıra bilir.
Avropa Qaraciyər Tədqiqatları Assosiasiyası (EASL) və Böyrək Xəstəlikləri üzrə beynəlxalq təşkilat (KDIGO) risk qruplarında 40 mcg (double-dose) strategiyasını qəbul edir və bu şəxslərdə Anti-HBs səviyyəsinin 100 mIU/mL-dən yuxarı olmasını optimal hesab edir. Xüsusilə dializ və xroniki böyrək xəstələrində bu yanaşma standart sayılır.
Dünya Səhiyyə Təşkilatı (WHO) Anti-HBs ≥10 mIU/mL-ni qoruyucu hesab etsə də, risk qruplarında seroloji nəzarətin və klinik vəziyyətə uyğun əlavə dozaların tətbiqini məqbul yanaşma kimi qəbul edir.
Aparılan klinik tədqiqatlar göstərir ki, 40 mcg dozada hepatit B peyvəndi təhlükəsizdir və əlavə ciddi risk yaratmır. Əksinə, bu yanaşma daha güclü və uzunmüddətli immun cavabın formalaşmasına kömək edir.
Nəticə olaraq, Anti-HBs <10 mIU/mL olduqda qoruyucu immunitet yoxdur. 10–100 mIU/mL aralığı zəif və qeyri-optimal immun cavab sayılır. Risk qruplarında etibarlı qorunma üçün Anti-HBs səviyyəsinin 100 mIU/mL-dən yuxarı olması tövsiyə olunur.
Peyvəndləmədə əsas məqsəd təkcə vaksinin vurulması deyil, effektiv immun cavabın formalaşıb-formalaşmadığının yoxlanılmasıdır. Beynəlxalq tibbi yanaşmalar risk qruplarında zəif nəticələrlə kifayətlənməməyi açıq şəkildə tövsiyə edir.
Aysel Əskərova, həkim
Newscenter.az üçün












































