
Azərbaycan milli mətbuatı 151 yaşını həm də yeni dövrün çağırışları fonunda qiymətləndirir. Çünki bu gün mətbuatın missiyası təkcə cəmiyyəti məlumatlandırmaqdan ibarət deyil. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, süni intellektin informasiya məkanını yenidən formalaşdırdığı, dezinformasiyanın dövlətlərə qarşı təsir alətinə çevrildiyi bir dövrdə media həm də milli təhlükəsizliyin mühüm sütunlarından biridir.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti Azərbaycan xalqının maariflənməsinə, milli özünüdərkin formalaşmasına və ictimai fikrin inkişafına xidmət edən böyük bir missiyanın əsasını qoydu. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” milli jurnalistika məktəbinin bünövrəsini yaratdı və sonrakı nəsillərə sözün məsuliyyətini, həqiqətin dəyərini miras qoydu.
Aradan keçən bir əsrdən artıq müddətdə Azərbaycan mətbuatı müxtəlif siyasi sistemlərdən, ideoloji təzyiqlərdən və mürəkkəb tarixi sınaqlardan keçdi. Müstəqillik illərində isə milli media tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə senzuranın ləğvi ilə bağlı qəbul etdiyi qərar ölkədə söz və mətbuat azadlığının inkişafı üçün yeni imkanlar yaratdı. Sonrakı dövrdə qanunvericilik bazasının təkmilləşdirilməsi, informasiya texnologiyalarının inkişafı və rəqəmsallaşma milli medianın peşəkarlıq səviyyəsini daha da yüksəltdi.
Lakin XXI əsrin ikinci onilliyindən etibarən jurnalistikanın qarşısında tamamilə yeni reallıq yarandı. İnformasiya artıq təkcə xəbər deyil, siyasi təsir vasitəsi, geosiyasi rəqabət elementi və strateji resursa çevrildi. Müharibələr yalnız səngərlərdə deyil, televiziya ekranlarında, xəbər portallarında və sosial şəbəkələrdə də aparılmağa başladı. Dövlətlərin nüfuzu, beynəlxalq ictimai rəy və siyasi qərarlar çox zaman informasiya məkanında formalaşan təsəvvürlərdən asılı olur.
Azərbaycan bunun ən bariz nümunəsini 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri zamanı yaşadı. Ordumuz döyüş meydanında qazandığı qələbəni informasiya cəbhəsində də möhkəmləndirdi. Azərbaycan mediası operativ, dəqiq və rəsmi mənbələrə əsaslanan xəbərlərlə həm cəmiyyəti düzgün məlumatlandırdı, həm də Ermənistanın və ona dəstək verən müxtəlif dairələrin yaydığı çoxsaylı saxta məlumatları faktlarla ifşa etdi.
Prezident İlham Əliyevin dünyanın aparıcı televiziya kanallarına və nüfuzlu media qurumlarına verdiyi çoxsaylı müsahibələr isə Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya birbaşa çatdırılmasında mühüm rol oynadı. İnformasiya savaşında üstünlük yalnız operativliklə deyil, arqumentlərin gücü, faktların dəqiqliyi və etibarlılıqla qazanıldı. Lakin müharibə bitdi, informasiya savaşı isə davam edir.
Bu gün Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları, faktların təhrif edilməsi, ikili standartlara əsaslanan yanaşmalar və məqsədli dezinformasiya cəhdləri, qərəzli dairələr tərəfindən idarə olunan antimilli ünsürlərin yaramaz fəaliyyəti göstərir ki, informasiya məkanı hələ uzun müddət geosiyasi rəqabətin əsas platformalarından biri olaraq qalacaq. Təəssüf ki, bəzi xarici media qurumları və müxtəlif rəqəmsal platformalarda fəaliyyət göstərən şəxslər jurnalistikanın əsas prinsiplərindən uzaqlaşaraq, hadisələri birtərəfli təqdim edir, yoxlanılmamış iddiaları fakt kimi tirajlayır və ictimai rəyə təsir göstərməyə çalışırlar.
Ən təhlükəli məqam isə odur ki, bəzi hallarda media informasiyanın çatdırılması vasitəsi olmaqdan çıxaraq siyasi təzyiq alətinə çevrilir. Halbuki jurnalistikanın əsas missiyası hansısa siyasi maraqlara xidmət etmək deyil, həqiqəti araşdırmaq, cəmiyyəti obyektiv məlumatlandırmaq və ictimai etimadı qorumaqdır. Media hər hansı lobbi qrupunun və ya geosiyasi mərkəzin təsir alətinə çevrildikdə, ilk növbədə jurnalistikanın özü uduzur.
Süni intellektin inkişafı bu çağırışları daha da mürəkkəbləşdirib. Artıq bir neçə dəqiqə ərzində saxta video hazırlamaq, insan səsini imitasiya etmək, fotoları manipulyasiya etmək mümkündür. “Deepfake” texnologiyaları, avtomatlaşdırılmış dezinformasiya şəbəkələri və kiberhücumlar informasiya təhlükəsizliyi üçün tamamilə yeni risklər yaradır. Belə bir dövrdə operativlik qədər faktın yoxlanılması, mənbənin etibarlılığı və peşə etikası əsas meyarlara çevrilir.
Bu gün Azərbaycan mediasının üzərinə düşən vəzifə əvvəlkindən daha böyükdür. Milli jurnalistika bir tərəfdən peşəkarlığını, obyektivliyini və ictimai məsuliyyətini qorumalı, digər tərəfdən isə dövlətin milli maraqlarını, informasiya təhlükəsizliyini və cəmiyyətin düzgün məlumat almaq hüququnu müdafiə etməlidir. Bu, həqiqətin müdafiəsinə xidmət edən məsuliyyətli jurnalistikanın tələbidir.
151 il əvvəl “Əkinçi”nin səhifələrində yandırılan maarifçilik çırağı bu gün rəqəmsal dünyanın mürəkkəb informasiya məkanında yol göstərən işığa çevrilib. Zaman dəyişir, texnologiyalar yenilənir, informasiya vasitələri transformasiya olunur. Lakin dəyişməyən bir həqiqət var: milli mətbuat yalnız o zaman güclü olur ki, o, həqiqətin yanında dayanır, cəmiyyətin etimadını qoruyur və dövlətçilik maraqlarını peşəkarlıq, məsuliyyət və vicdanla müdafiə edir. Azərbaycan milli mətbuatının 151 illik tarixi də məhz bu prinsiplərin tarixidir.
Könül Nurullayeva
Milli Məclisin deputatı











































